Qadin dunyasi ---- Usaqlara terbiye
İnsan mənfi, əxlaqa zidd əməllərdən uzaq olduğu müddətdə insan sayılır. Bu səbəbdən də tərbiyə insan həyatında çox mühümdür. İnsan əsasən bir neçə mərhələdə tərbiyə alır. İnsanın ilk tərbiyəsi genetik tərbiyə, yəni valideynlərindən ona irsi olaraq keçən tərbiyədir. Sonra isə məktəbəqədər tərbiyə çox mühümdür. Həmin müddətdə uşağa verilən tərbiyə bütün həyatı boyu onunla birlikdə olur, o həyatını həmin tərbiyə üzərində qurur. Odur ki, valideynlər bu yaşdakı tərbiyəyə xüsusi diqqət göstərməlidirlər. Bu gün cəmiyyətimizdə həmin mərhələnin tərbiyəsinə əhəmiyyət verildiyini desək, bəlkə də yanılmış olarıq. Bir çoxları uşaqlarının tərbiyəsilə hətta orta məktəbin yuxarı siniflərindən məşğul olmağı düşünürlər.
Halbuki əksər alimlərin fikrincə, uşaqların tərbiyəsi 4 və ya 6 yaşına qədər artıq tamamlanır. Bu yaşa qədər alınan tərbiyə də həmin uşağı bütün həyatı boyu təqib edir. Bununla yanaşı ailədəki atmosfer, tərbiyə, hisslər, düşüncə və davranışlar da uşaqların tərbiyəsinə və ruhuna birbaşa təsir göstərir.
Kiçik yaşlı uşaqların tərbiyəsində onları düşündürən, səviyyələrini qaldıran, iradələrini artıran mövzulara üstünlük verilməli, bu istiqamətdə dərslər keçilməlidir. Oxuduqlarımızın və ya aldığımız tərbiyənin düşüncəmizə təsiri də çox böyükdür. Məsələn, kiçik yaşlarından din tərbiyəsi alan və ya bu haqda çox oxuyan insan Allah və axirət haqqında düşünür və bunları nəzərə alaraq həyatda həqiqətən də əməllərinə diqqət yetirir. Lakin digər insanlarda isə əks hallar baş verir və bunun nəticəsi olaraq cəmiyyətdə mənfi hadisələrlə qarşılaşırıq.
İnsanların tərbiyəsində millilik çox əhəmiyyətlidir. Alimlərin gəldiyi qənaətə əsasən nənə və babaların yanında çox qalan və onlardan tərbiyə alan uşaqlar sonradan gözəl əxlaqa malik olurlar. Bunu keçmişdə tərbiyəyə daha çox əhəmiyyət verilməsi və yaşlı insanların təcrübəli olması ilə də izah etmək olar. Milli tərbiyə, adət-ənənə və mədəniyyətlərdən uzaq cəmiyyətlər kobud, cahil və etibarsız olurlar.
Məktəblərdə bütün fənnlərlə yanaşı tərbiyə, milli mədəniyyətlə bağlı mövzular keçilməli, yaşadıqları vətəni cənnətə çevirəcək sağlam ruhlu və xarakterli nəsillər tərbiyələndirilməlidir. Lakin bəzən bunun əksi ilə qarşılaşırıq və belə əhəmiyyətli dərslərin və mövzuların arxa planda qaldığını görürük ki, bu da bütün insanları ciddi şəkildə narahat etməlidir.
İnsan tərbiyəsi öz-özlüyündə bir gözəllikdir və kimdə olmasından asılı olmayaraq qiymətləndirilməlidir. Hətta cahil insan da müəyyən tərbiyəli cəhətlərinə görə sevilməlidir. İstənilən ixtisasın sahibi hər şeydən əvvəl müəyyən səviyyəyə malik olmalıdır. Kiçik yaşlardan qazanılan həmin səviyyə olmadan insanın şəxsiyyət kimi formalaşması və yaxşı elm adamı olması demək olar ki, qeyri-mümkündür.
Düşüncənin insan həyatında rolu olduqca böyükdür. Bu da insanı tərbiyə edən və həyatda ona istiqamət verən amillərdən biridir. Çox az hallarda insanın sərbəst düşüncəyə malik olduğunu görürük. Əlbəttə, burada söhbət doğru düşünməkdən gedir ki, bunun da bir qədər əvvəl kiçik yaşlardan qazanılan tərbiyə ilə əlaqəli olduğunu qeyd etdik. Həyatda yalnız sərbəst və doğru düşünən insan cəmiyyət üçün xeyirli ola bilər. Düşüncəsiz insanlar isə cəmiyyətə həmişə yük olan insanlardır. Bu gün rüşvət, ikiüzlülük, oğurluq, yalan kimi gileyləndiyimiz halları yaradan da məhz onlardır. Bütün bunlardan sonra tərbiyənin nə qədər əhəmiyyətli olduğunu daha aydın görürük. Çünki qeyd etdiyimiz mənfi hallar vaxtında verilməyən tərbiyənin və istiqamətləndirmənin nəticələridir.
Ümumiyyətlə, kiçik yaşlarımızdan aldığımız tərbiyə gələcək həyatımızı müəyyən edir. Biz həmin tərbiyəyə əsasən düşünür, yaşayıb yaradırıq. İnsanların tərbiyəsində, cəmiyyətin istiqamətləndirilməsində və inkişafında hər şeydən əvvəl valideynlərin, sonra isə müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Hər zaman olduğu kimi bu gün də cəmiyyətin həmin məsuliyyəti dərk edən insanlara böyük ehtiyacı vardır
***** Deyerli.Az